
Çörçildən fərqli olaraq, müharibəni uduzub, iki seçkini udan Nikol Paşinyan kimdir...
“Qarabağ problemi erməni xalqının ayağına vurulan zəncirdir və biz ondan xilas olmalıyıq...” Bu sözləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan nə 44 günlük müharibədən sonra, nə son parlament seçkiləri ərəfəsində deyib. Nikol bu çağırışı edəndə adi bir tənqidçi jurnalist və qəzetçi idi. Bu, o zaman idi ki, Qarabağdan işğalçı qoşunlarının çıxarılması ermənilərin ağlının heç ucundan keçmirdi. Amma Nikol belə bir cəsarətli fikri qələmə almış və azərbaycanlılarla sülh yolunu ermənilərin ayağına vurulmuş zəncirləri qoparmaqda görmüşdü.
Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazılarından daha biri də yada düşür: 11 fevral 1998-ci ildə “Ermənilər və azərbaycanlılar - xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirir. O yazır ki, bu düşüncə pozğunluğu günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.
Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim...”
Bəli, gün gəldi, bu sözləri yazan Paşinyan təkcə jurnalist yox, həm də müxalifətin fəallarından biri kimi meydana çıxdı. Sonra həbs, sonra yenə mübarizə, 2008-ci il 1 mart qırğınında repressiyaya məruz qalmaq...
Əli sarıqlı, çiynində çantası...
Ancaq bu hadisələrdə Azərbaycan cəmiyyəti Nikol Vovayeviç Paşinyan adlı bir persona tanımırdı. Və yalnız 2018-ci ilin hərəkatında biz saqqallı, kürəyində çantası, üzərində hərbi formalı köynəyi, biləyinin biri sarılmış şəxs gördük. O, keçmiş “Qarabağ klanı”nı devirmək üçün çırmanmış və erməni gəncliyini arxasınca aparmağı bacarmışdı. Nəhayət, “Qarabağ zənciri”ndən, deyəsən, ermənilərin xilası üçün üfüqdə nəsə görünməyə başlamışdı. İcevan (Karvansaray) rayonundan olan bu gənc jurnalist Xocalı canisi Serjik Sərkisyanı günlərlə davam edən küçə hərəkatı ilə istefaya məcbur etdi. Hərçənd bu “məxməri inqilab”ın sonunda Sərkisyanın görüş zalına gəlib Paşinyanla görüşməsi və istefası özü də indiyə qədər skeptik məsələdir. 1 martda xalqını qırğın vermiş cani prezident necə oldu ki, bu dəfə qan tökmək istəmədi və ölkəni əli sarıqlı, çiynində çantası, üz-gözündən tər tökülən Paşinyana təhvil verib getdi?!
“Məxməri inqilab”ın bir sirri
Sonralar bu haqda bəzi mülahizələr və konspirologiyalar da dolaşmağa başladı. Amma az-çox həqiqət payı da var idi. Ki, Sərkisyan bu hərəkata qədər artıq Avropa İttifaqı ilə assosiativ sənədi imzalamışdı. Yəni özü ölkəsinin Qərbə inteqrasiya kursuna “xeyir-dua” vermişdi. Sadəcə, bu siyasəti Rusiyanın təzyiqləri altında davam etdirə bilməyəcəkdi, amma Soros məktəbinin yetirməsi Paşinyan bunu bacarırdı.
Yəni bir növ latent şəkildə təslimetmə də demək olardı. Hərçənd bu fikirlər illüziya kimi görünür. Sadəcə, Sərkisyanın Fransada şərab biznesinin olduğunu, Paşinyanın dövründə ən az təzyiqə məruz qaldığını, son seçkidə isə boykot qərarı verib hakimiyyəti bu məqamda razı saldığını nəzərə alsaq, “məxməri inqilab”ın niyə qələbə çaldığını haradasa düşünməyə dəyər. Beləliklə, Ermənistanda Nikol Paşinyan erası başlanır və ölkəni bir jurnalist idarə etməyə başlayır. Əlbəttə, dünyada belə nümunələr az deyil.
Xalq onu niyə dəstəklədi?
Bu gün isə o hadisələrdən 8 il keçir və geridə qalan müddətdə Paşinyanın dediyi olur - o zəncirdən qopurlar və bu gün ermənisiz Qarabağ hər iki tərəf üçün ən ideal nəticədir. Son seçki kampaniyasında da bütün ittihamlara, təhqirlərə məruz qalmasına, Azərbaycana “işləməkdə” günahlandırılmasına baxmayaraq, Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatından “Qarabağ Azərbaycandır” həqiqətini dilə gətirməyə qədər bir yol gəlib. Yəni onu Ermənistana qarşı çıxan erməni də adlandırmaq olar.
Və erməni xalqı 44 günlük müharibədən sonra düz iki seçkidə onun “Qarabağ Azərbaycandır” etirafını qəbul edərək səs verib, iqtidarda saxlayıb. Çörçil kimi müharibəni udub, seçkini uduzan bir siyasətçidən fərqli olaraq, Paşinyan 200 illik erməni mifinin məhvinə səbəb olan savaşı uduzsa da, iki seçkini udmağı, hər ikisində keçmiş “Qarabağ klanı”nın üzvlərini məğlub etməyi bacarıb. Bu, həm də möcüzədir...
Anadan yetim, dalaşqan...
...Nikol Paşinyan 1975-ci ildə İcevanda dünyaya gəlib. Ona İkinci Dünya müharibəsində həlak olmuş ata babasının adı verilib. Atası Vova Paşinyan sovet dövrünün tipik ziyalılarından olub. Vova ixtisasca idman müəllimi idi və yerli cəmiyyət arasında nüfuz sahibi sayılırdı. O, uzun müddət İcevandakı 1 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib. O, millətçi düşüncələrə sahib biri kimi tanınırdı. Oğlunun jurnalistika və siyasət sahəsinə olan marağını da kiçik yaşlarından dəstəkləyib.
Nikolun anası Svetik Ovanesyan isə evdar qadın olub. O, 1987-ci ildə, Nikolun 12 yaşı olanda xəstəlikdən vəfat edib. Bu səbəbdən ailə başçısı Vova ikinci dəfə evlənib. 12 yaşında anadan yetim qalan Nikolu və qardaşlarını ögey anası Yercanik Çibuxçyan böyüdüb. Paşinyanın özündən böyük iki böyük qardaşı var - Armen və Artak.
Yeri gəlmişkən, Nikol orduda xidmət etməyib, ondan əvvəl böyük qardaşları əsgərlikdə olublar, Azərbaycanla müharibədə iştirak ediblər. Ermənistan qanunlarına görə, ailədə iki qardaş müharibədə iştirak edibsə, üçüncü qardaş hərbi xidmət keçməkdən azaddır. Paşinyana orta məktəbdə dərs demiş adını açıqlamayan müəllimlərdən biri bir müddət əvvəl “Hraparak” qəzetinə onun dəcəlliklərindən danışıb. Bildirib ki, Nikol məktəb illərində müəllimlərinə ciddi problemlər yaradırmış. “Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası, məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vova Paşinyan onu hamının gözü qarşısında döydü. Başqa sözlə desək, o, yeniyetməlik illərindən problem çıxarmaq, fitnə-fəsad törətməklə xarakterizə olunurdu”, - müəllim deyib.
Nikol 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olub. Tələbəlik illərində “Dprutyun”, “Hayastan”, “Lragir”, “Lragir or”, “Molorak” qəzetləri ilə əməkdaşlıq edib. Beşinci kursda Nikol universitetdən qovulub - özü bunu siyasi səbəblərlə əlaqələndirir.
Jurnalistika fakültəsinin dekanı, özü də icevanlı (Nikolun həmyerlisi - red.) olan Qarnik Ananyan onun haqqında həmişə pis danışırdı. Paşinyan təkcə dekan haqqında deyil, onun bacısı, İcevan vilayət komitəsinin katibi Cemma Ananyan haqqında da yazılar yazıb. Bir tərəfdən dərsə getmirdi, bir tərəfdən də konflikt yaradırdı, fakültə dekanı 5-ci kursda onu universitetdən xaric etmək qərarına gəldi. Bundan sonra o, ciddi şəkildə jurnalistika ilə məşğul olmağa başladı, “Planet” qəzetində çalışdı, sonra oradan ayrıldı, “Oragir”, daha sonra isə “Haykakan Jamanak” qəzetlərini açdı", - baş nazirin keçmiş müəllimi deyib.
Ailə biznesi - qızına şirkət, oğluna...
Onu da deyək ki, 1999-cu ildə Nikol Paşinyan gündəlik “Haykakan Jamanak” (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. Daha sonra baş redaktor vəzifəsini onun keçmiş həyat yoldaşı Anna Akopyan tutub. Nikol anadan yetim qaldığı kimi, arvaddan da yarımayıb. Onlar son seçkilərə aylar qalmış ayrılıblar. Cütlük vətəndaş nikahında yaşasa da, onların 4 övladı var. Bu haqda az sonra...
2004-cü ilin noyabrında Paşinyanın “Niva”sı İrəvanın mərkəzində - “Haykakan Jamanak” qəzetinin redaksiyasının yanında partladılıb. Həmin vaxt maşında heç kim olmayıb. Nikol Paşinyan hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib və biznesmen Qaqik Tsarukyanı (son seçkilərdə rəqibi - E.S.) ittiham edib.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan ikinci yeri tutan namizəd Levon Ter-Petrosyanın qərargahında çalışıb. Seçkilərdən sonra müxalifətçilər İrəvanın mərkəzində mitinqlər təşkil ediblər. Nəticədə polislə toqquşma baş verib, ölənlər olub. Bu hadisələrdə fəal iştirak edən Paşinyan kütləvi iğtişaşların təşkilində ittiham olunaraq saxlanılıb. O, məhkəmənin çıxardığı 7 illik həbs cəzasının 2 ilini türmədə keçirib və 2011-ci ilin mayında amnistiyaya əsasən azadlığa çıxıb. Sonrası da bəllidir - siyasətə yenidən qayıtmaq və 2018-dək mübarizə.
Ailəsinə gəlincə, atası Vova elə 2018-ci ildə xərçəng xəstəliyindən ölüb. Ögey anası isə ərinin ölümündən sonra paytaxta köçməli olub. “Əgər o, hər şeyi təsəvvür etdiyi kimi etsə, biz gözəl ölkədə yaşayacağıq”, - deyə analığı Nikola inandığını vurğulayıb.
Nikolun öz ailəsinə gəlincə, Anna ilə izdivacından dörd uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.
Paşinyanın dörd övladının heç biri Ermənistanın Apostol kilsəsində xaç suyuna salınmayıb. “İrates” nəşri yazıb.
“Biz bu faktı Anna Akopyanın qardaşı vasitəsilə dəqiqləşdirmək istədik. O, uşaqların xaç suyuna salınmadıqlarını bildirdi. Nəyə və hansı səbəblərə görə isə bilmədiyini dedi”, - erməni qəzeti yazıb. Yeni anadan olmuş uşaqlar kilsəyə aparılaraq, orada keşişin iştirakı ilə “müqəddəs xaç suyuna” çəkilirlər. Məhz bundan sonra həmin uşaq əsl xristian kimi tanınır. Paşinyanın ateist olduğu barədə çoxsaylı fikirlər səslənir.
İndi isə bu məsələlərdən çox keçib. Paşinyanın qızı Məryəm biznes fəaliyyəti ilə məşğuldur. O, 2025-ci il sentyabrın 18-də “ATLIKS” QSC-ni təsis edib. Oğlu Aşot əvvəllər pivə satışı ilə məşğul olub, daha sonra rəssamlıqla maraqlanıb.
Nikol Paşinyanın isə Kanadada gizli şəkildə malikanə aldığı iddia olunur. Kanadanın “Times of Canada” nəşri yayıb. Toronto şəhərindən təxminən 35 dəqiqəlik məsafədə yerləşən, “Sent-Corc” adlanan bu villa fransız qalası üslubunda tikilib. 2024-cü ilin sonunda 17,1 milyon dollara satıldığı bildirilən imarətin əsl alıcısının isə “saxta şirkət” vasitəsilə Paşinyan olduğu iddia edilir.
Alqı-satqı prosesində vasitəçi kimi Kanadada tanınmış erməni əsilli aktrisa və hüquq müdafiəçisi Arsinə Xandcyanın adı keçir. O, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilab”ın fəal dəstəkçilərindən olub və alqı-satqı sənədlərini Paşinyanın adının üzə çıxmaması üçün koordinasiya edib.
Kəsəsi, hər nə qədər demokrat kimi görünsə də, onun da, ailəsinin də nələrisə var. Sadəcə, Ermənistan və ermənilər üçün hələlik Nikoldan yaxşısı da yoxdur...müsavat
