
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində mayın 10-11-də təşkil olunan məkan təlimləri başa çatıb.
Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, təlimlər tədbir öncəsi 2 100-dən çox könüllünü bir araya gətirib.
İki gün davam edən proqram çərçivəsində könüllülərə tədbir məkanı, əməliyyat koordinasiyası, təhlükəsizlik prosedurları və departamentlərin funksiyaları barədə geniş məlumat verilib. Eyni zamanda, tədbir müddətində fəaliyyətlərin əsasını təşkil edəcək əsas protokollar və təlimatlar iştirakçılara çatdırılıb.
WUF13 Könüllü Proqramı gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncənin təşviqi və beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi məqsədi daşıyan mühüm təşəbbüs kimi qiymətləndirilir.
16 min namizəd arasından çoxmərhələli və ciddi seçim prosesi nəticəsində seçilən könüllülər tədbir müddətində qonaqların qarşılanması və qeydiyyatı, informasiya xidmətlərinin koordinasiyası, sessiya və sərgi məkanlarında təşkilati dəstək, həmçinin mədəni proqramların icrası daxil olmaqla müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.
Könüllülərin bir qismi artıq tədbir ərəfəsində təyin olunduqları məsuliyyət sahələri üzrə fəaliyyətə başlayıblar.
Mayın 17-dən 22-dək Bakıda keçiriləcək Dünya Şəhər Forumunun on üçüncü sessiyası "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunacaq və şəhərlərin gələcəyini formalaşdıracaq strateji müzakirələr üçün platforma rolunu oynayacaq.
